Ukraynada deputat rusca çıxış etdiyi üçün üzr istədi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ukraynada Xarkov vilayət şurasının deputatı Aleksandr Doroşenko rus dilində etdiyi çıxışından sonra fraksiya sıralarından xaric edilib.

Bu barədə “Avropa Həmrəyliyi” partiyasının mətbuat xidmətindən məlumat verilib.

Partiyadan bildirilib ki, adıçəkilən deputat “təcavüzkar ölkənin dilində” çıxış edib və həmkarlarının bu barədəki fikirlərini nəzərə almayıb.

Doroşenkonun özü isə “Facebook”-dakı səhifəsində deyib ki, həyəcanlı olduğu üçün rus dilindən istifadə edib.

Həyəcanlandım, buna görə də rus dilində çıxış edirdim və öz fikrimi Ukrayna dilində çatdıra bilmədim. Cəmiyyət qarşısında, həmçinin “Avropa Həmrəyliyi” partiyasından olan həmkarlarımın qarşısında üzr istəmək istəyirəm. Həmkarlarımın rəylərinə reaksiyam başqa cür olmalı idi”, – deyə o qeyd edib.

Deputat gələcəkdə ictimaiyyət önündə yalnız Ukrayna dilində danışacağına dair söz verib, lakin “xarkovluların əksəriyyəti” kimi rusdilli olduğunu da etiraf edib.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında Ukraynada “Ukrayna dilinin dövlət dili kimi təminatına dair” qanun qəbul edilib. Sənəddə qanunu pozan məmurlar üçün cərimələr nəzərdə tutulub. 16 yanvardan isə ölkədə xidmət sahəsində Ukrayna dilində məcburi istifadəyə dair norma qüvvədədir.

Bu məqaləni paylaş