Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbərinə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, müxalifətin bəzi tələblərinin icra edilməsi mümkün deyil.
“Komandamız hansısa siyasi partiyanın kefinə görə deyil, xalqın maraqlarını nəzərə alaraq qərarlar verir. Əgər siyasi partiyalar dialoq istəyirlərsə, gəlsinlər dialoqa davam edək”, – bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifətlə diaoloqla bağlı yaranmış suallara verdiyi açıqlamada deyib.
İrakli Qaribaşvili Şarl Mişel ilə görüşə toxunaraq bildirib ki, müxalifətin irəli sürdüyü tələblərlə bağlı müzakirə aparılıb.
Qaribaşvili Melianın azad edilmə tələbilə bağlı da danışıb.
“Nika Melianın azad edilməsi ilə bağlı biz bildirdik ki, qanunun icra edilməsinə qarışa bilmərik. Müxalifət nümayəndələri istədikləri zaman, girov məbləğini ödəyib, onu həbsdən çıxarda bilərlər.”, -deyə baş nazir əlavə edib.
Qaribaşvili həmçinin vurğulayıb ki, müzakirə olunan ikinci məsələ – seçki islahatı olub və bu məsələ üzrə işləməyə hazırdırlar.
“Növbədənkənar seçkilərin keçirilməsi məsələsi müzakirə belə edilmir, çünki bu məsələ ilə bağlı mövqeyimiz eynidir. Seçkilərin yenidən keçirilməsi üçün heç bir legitim əsas və zərurət yoxdur”, – Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.