
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti qonşu ölkələrdə mövsümi işləməyə gedən vətəndaşlarına iş yerləri təklif edə bilər.
Bu haqda Gürcüstan kənd təsərrüfatı naziri Levan Davitaşvili bildirib.
“Biz görürük ki, (kənd təsərrüfatı) sahə(si) yeni iş yerləri yaradır, xüsusən də, bu, Kaxeti regionu üçün aktualdır, orada mövsumi gəlir əldə etmək imkanı var. Görürük ki, orada intensiv və uğurlu şəkildə müxtəlif meyvə bitkiləri yeni şəraitə uyğunlaşa bilir. Orada hazırda meyvə yığımında ölkənin müxtəlif yerlərindən olan 2 minə yaxın insan işləyir. Kaxetidə daha sonra üzüm yığımı başlayacaq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Kaxetinin ardınca Şida Kartlidə də tezliklə fındıq yığımı üçün mövsümi işçilər tələb olunacaq.
Son illər ölkədə kənd təsərrüfatında müsbət tendensiyaların olduğunu deyən nazir qeyd edib ki, bu, daha çox insanı işlə təmin etməyə imkan verir.
Xatırladaq ki, Gürcüstan əhalisinin müəyyən hissəsi qonşu Türkiyədə mövsümi işlərdə işləyirdi, lakin pandemiya səbəbi ilə sərhədlər qapadıldığı üçün onlar işsiz qalıblar.






























