
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə bir il ərzində təxminən 28 min insan koronavirusdan dünyasını dəyişib, tütün məhsulları səbəbi ilə vəfat edənlərin sayı isə 120 min nəfər olub.
Bu barədə Tibb Elmləri Universitetinin rektoru, professor Cövdət Erdöl məlumat verib.
O xatırladıb ki, bu il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 100 milyona yaxın insanın tütün məhsullarını tərgitməyinə kömək edəcək kampaniyanın reallaşdırılmasına başlayıb.
“Tütün məmulatlarının istifadəsi insanların sağlamlığı üçün koronavirus pandemiyası kimi təhlükəlidir. Bu problemlə ümumi mübarizəyə başlamaq lazımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, tütün məmulatlarından istifadənin səbəb olduğu xəstəliklərdən ölüm sayı koronavirusdan ölənlərin sayından qat-qat çoxdur.
“Türkiyədə bir ildə koronavirusa görə təxminən 28 min nəfər həyatını itirib. Tütün məhsullarından istifadənin səbəb olduğu ölümlərin sayı isə 120 minə çatır. Onlardan 20 mini passiv çəkən, 5 mini uşaq, o cümlədən də hələ dünyaya göz açmağa macal tapmamış körpələrdir”, – deyə Erdöl bildirib.
Professor qeyd edib ki, tütündən istifadəni kütləvi qırğın silahı hesab edir.
O, həmçinin insanları guya “sağlamlığa ziyan vurmayan və çəkməyi tərgitməyə kömək edən” elektron siqaretlərdən də çəkinməyə səsləyib. Erdöl əlavə edib ki, bu cür iddialar həqiqəti əks etdirmir və sadəcə olaraq insanları aldadır.
Bundan başqa, o deyib ki, qəlyanın insan orqanizminə olan zərəri siqaretdən daha çoxdur.
“Bir qəlyan 4-5 qutu siqaretə bərabərdir. O, insan orqanizminə ciddi zərər vurur. Xüsusilə də, ilk istifadə zamanı qəlyan dəm qazı zəhərlənməsinə səbəb ola bilər. Bu cür zəhərlənmə simptomları arasında ürək bulanması, başgicəllənməsi və qusma var. ABŞ-da aparılan araşdırmaya əsasən, qəlyan istifadəsindən dərhal sonra böyük sayda yol-nəqliyyat hadisəsi qeydə alınıb”, – deyə o bildirib.
Bundan başqa, Erdöl əlavə edib ki, qəlyan müxtəlif yoluxucu xəstəliklər nöqteyi-nəzərindən də ziyanlıdır. Ondan istifadə zamanı gigiyena qaydalarına əməl edilməzsə, vərəm və koronavirusa yoluxma riski olduqca yüksəkdir.






























