Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda həm dövlət, həm də özəl məktəblərdəki yaz tətili 8 martda başlayacaq və 14 martadək (daxil olmaqla) davam edəcək.
Qeyd edək ki, Gürcüstanda məktəblilərin böyük hissəsi sinif otaqlarına geri qayıdıb. Şagirdlərin 12%-i (35 732 uşaq) isə distant rejimdə qalmaq qərarını verib. Lakin bu rəqəm məktəblilər və məktəb personalı arasında aşkar edilən yeni yoluxma hallarının sayından asılı olaraq dəyişə bilir. Hazırda belə hallar aşkar edildikdə nöqtəvi məhdudiyyətlər tətbiq edilir və konkret bir sinif onlayn təhsilə keçid edir.
Gürcüstan Təhsil və Elm Nazirliyinin məlumatına görə, ötən həftə şagirdlərin 0,03%-də və məktəb əməkdaşlarının 0,1%-də infeksiyaya yoluxma halı aşkar edilib.
Valideyn xahişi və ya yeni yoluxma halları əsasında ötən həftə 11 məktəb və 109 sinif distant iş rejiminə keçid edib.
Məktəb müəllimləri və idarə personalının icbari test edilməsi davam fasiləsiz şəkildə davam etdirilir. Həmçinin aktiv rejimdə resurs-mərkəzləri tərəfindən məktəblərin monitorinqi həyata keçirilir.
Xatırladaq ki, 15 fevraldan Tbilisi, Kutaisi və Rustavidəki məktəblər yenidən fəaliyyətə başlayıb. Valideynlərin qərarları əsasənda uşaqlar distant rejimdə də təhsillərini davam etdirə bilərlər. Batumu, Poti, Zuqdidi, Qori və Telavi məktəblərinin şagirdləri isə 1 fevraldan sinif otaqlarında dərslərinə başlayıblar.