Az.shafaqna.com xəbər verir ki, Azərbaycanda zeytun yığımı mövsümünün başlaması ilə əlaqədar Dənizkənarı Milli Parkda Zeytun Festivalı təşkil olunacaq.
Oktyabrın 23-dən 25-dək davam edəcək tədbirdə qonaqlara rəngarəng əyləncə proqramları, canlı musiqi, sənət nümunələri və yerli məhsulların dequstasiyası təqdim ediləcək.
Festivalın təşkilində əsas qayə Azərbaycanın zəngin zeytunçuluq ənənələrini yaşatmaq, yerli istehsalçıları geniş ictimaiyyətə tanıtmaq və bu sahədə milli brendlərin inkişafına təkan verməkdir. Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilən layihənin sponsorları “Absheron Olive Gardens” və “Olivea” brendləridir.
Bolluq və ruzinin rəmzi sayılan zeytunun baş qəhrəmana çevriləcəyi festival çərçivəsində qurulan xüsusi pavilyonlarda müxtəlif yerli brendlərin məhsulları sərgilənəcək. Paytaxtın ən gəzməli məkanı olan Bulvarda keçiriləcək aksiya həm yerli sakinlər, həm də şəhərimizin qonaqları üçün zeytun istehsalçılarının əməyi ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Tədbir müddətində zəngin mədəni-əyləncəli proqram nəzərdə tutulub. Qeyd edək ki, üç gün davam edəcək festivala giriş, bütün konsert və əyləncə şoularında iştirak tamamilə ödənişsizdir.