Yaponiya ucuz raketlərin kütləvi istehsalını planlaşdırır

Yaponiya 2030-cu ildə yeni ucuz raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilindən etibarən yeni və daha ucuz raketlərin kütləvi istehsalına keçməyi planlaşdırır.

“Az.shafaqna.com” qəzetinin məlumatına görə, söhbət şərti düşmənin hərbi gəmilərini vurmaq üçün nəzərdə tutulan uzaqmənzilli qanadlı raketlərdən gedir.

Yeni raketlərin əsas vəzifələrindən birinin düşmənin raketdən müdafiə sistemlərinə böyük yük yaratmaq və bununla da hədəflərin məhv edilmə ehtimalını yüksəltmək olacağı bildirilir.

Məlumata əsasən, raketlərin hazırlanması zamanı hərbi avadanlıqlarda istifadə olunan analoqlardan texniki göstəriciləri daha aşağı olan mülki kameraların tətbiqi də nəzərdən keçirilir. Bu yanaşmanın istehsal xərclərinin azaldılmasına imkan verəcəyi gözlənilir.

Yaponiya hökumətinin planına görə, yeni raketlər ölkənin Type-25 uzaqmənzilli raketləri və ABŞ istehsalı “Tomahawk” qanadlı raketləri ilə birlikdə istifadə olunacaq.

Yeni silahların hazırlanması ilə bağlı planların ilin sonunda qəbul edilməsi gözlənilən milli təhlükəsizlik strategiyasında əksini tapacağı bildirilir. Hazırlıq işlərinə gələn il başlanması, ilk istehsalın 2029-cu ildə, kütləvi istehsalın isə 2030-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün dövlət büdcəsindən rekord məbləğdə vəsait tələb edir. Nazirlik müdafiə məqsədləri üçün 8,9 trilyon yen (55,5 milyard ABŞ dolları) ayrılmasını istəyir. Əlaqəli xərclər də nəzərə alındıqda, ölkənin ümumi müdafiə xərclərinin 10,6 trilyon yeni (66,12 milyard dollar) ötəcəyi gözlənilir.

Bu məqaləni paylaş