Rusiyanın Çelyabinsk vilayətində keçirilən “Mərkəz-2026” strateji komanda-qərargah təlimlərində Rusiya və Çin hərbi qulluqçuları birgə iştirak edirlər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yunus-bek Yevkurov Rusiya Prezidenti Vladimir Putinə məruzəsi zamanı bildirib.
Yevkurovun sözlərinə əsasən, təlimlərin ssenarisinə şərti düşmənin hücumunun qarşısının alınmasından sonra koalisiya qüvvələrinin əks-hücum əməliyyatına keçməsi daxil edilib. Manevrlərin məqsədi “işğal olunmuş ərazinin azad edilməsi və qonşu ərazidə təhlükəsizlik zonasının yaradılması” olub.
Təlimlərin hücum mərhələsində Çin hərbçiləri də iştirak edib. Çin ordusunun bölmələri Pakistan və Qırğızıstan hərbçiləri ilə birlikdə təlim meydanının sol cinahında yerləşdirilib.
Təlimlər çərçivəsində, həmçinin Mərkəzi Asiya respublikalarından birinin ərazisində təhlükəsizlik zonasının yaradılması üzrə taktiki manevrlər həyata keçirilib.
Qeyd edək ki, “Mərkəz-2026” strateji komanda-qərargah təliminin əsas mərhələsi oktyabrın 2-də Rusiyanın Mərkəzi Hərbi Dairəsinə aid Çebarkul poliqonunda keçirilib.