Rəsmi Səna həmişə İslam dininin müqəddəs məkanlarının müdafiəsi naminə fədakarlıq göstərib və məhz Səudiyyə Ərəbistanı rejimi bu müqəddəsliklər üçün təhlükə yaradır.
Az.shafaqna.com “Saba”ya istinadən xəbər verir ki, bu barədə Yəmən Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanı rejimi İslam müqəddəs məkanlarına qarşı yalan və təhqiramiz narrativlər yaymaqda, onların müqəddəsliyindən və toxunulmazlığından sui-istifadə etməyə davam edir.
Nazirlik həmçinin vurğulayıb ki, Yəmən həmişə İslam dininin müqəddəs məkanlarının müdafiəsi naminə fədakarlıq edib və Səudiyyə Ərəbistanı rejiminin Yəmənə qarşı bu cür ittihamlar irəli sürməyə haqqı yoxdur.
“Yəmənin Səudiyyə Ərəbistanındakı İslam müqəddəs məkanlarına hücum etməkdə ittiham olunması Səudiyyə rejimi nümayəndələrinin qonşu ölkələrdən birində sionistlərlə keçirdiyi gizli görüşlərin nəticəsidir”, – deyə qeyd edilib.
Yəmən Xarici İşlər Nazirliyi əlavə edib: “Səudiyyə Ərəbistanı rejimi İki Müqəddəs Məscidi (əl-Haraməyn əş-Şərifeyn – Məscidül-Həram və Məscidün-Nəbəvi) və digər İslam müqəddəs məkanlarını idarə etmək üçün ləyaqətə malik deyil. Bu müqəddəs məkanların həmin cinayətkar rejimin investisiya layihələrinin obyektlərinə çevrilməsi İslam müqəddəs məkanlarına qarşı ən böyük təhqirdir”.