Çində rekord: Qatarlarla 1 gündə 25+ milyon insan daşındı

Çində dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı yeni rekord səviyyəyə yüksəlib. Oktyabrın 1-də ölkənin dəmir yolu sistemi vasitəsilə 25 milyon 204 min nəfər səfər edib

Az.shafaqna.com “China Daily”ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Dəmir Yolu Qrupu məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də qatarlarla 20,39 milyon sərnişinin daşınacağı proqnozlaşdırılır. Artan tələbatı təmin etmək məqsədilə həmin gün əlavə 1462 qatarın reysə çıxarılması nəzərdə tutulub.

Sərnişin sayındakı kəskin artım Çində Milli Gün münasibətilə başlayan bir həftəlik tətil dövrü ilə əlaqələndirilir. Bayram günləri ərzində ölkə üzrə dəmir yolu ilə təxminən 284 milyon səfərin həyata keçirilməsi gözlənilir.

Sərnişin sıxlığının qarşısını almaq və daşımaların təhlükəsizliyini təmin etmək üçün dəmir yolu qurumları əlavə qatarların hərəkətini təşkil edib, həmçinin avtobus marşrutlarının sayını artırıblar.

Milli Gün tətili ilə əlaqədar yüksək sərnişin axınının oktyabrın 8-dək davam edəcəyi bildirilir.

Bu məqaləni paylaş