Az.shafaqna.com xəbər verir ki, 2025-ci ilin dekabrında İlon Mask Ağ Evdə ABŞ Prezidenti ilə gizli görüş keçirib və Maduro haqqında suallar verib.
“Time” jurnalının məlumatına görə, Donald Tramp saatlarla “Grok” süni intellekt çat-botuna öz prezidentliyi, siyasi irsi və Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılacağı təqdirdə ölkə əhalisinin buna necə reaksiya verəcəyi barədə suallar ünvanlayıb. Görüşdə iştirak edən rəsmilərdən birinin bildirdiyinə görə, çat-bot Maduronun repressiv və olduqca nüfuzsuz bir diktator olduğunu, çoxsaylı venesuelalının onun hakimiyyətdən devrilməsini məmnuniyyətlə qarşılayacağını bildirib.
Cari ilin yanvar ayında ABŞ hərbçiləri Maduronu həqiqətən də ələ keçirdikdən sonra, Venesuela küçələrində kütləvi bayram tədbirləri başlanıb. Bu hadisədən sonra Tramp “Grok”un dahi olduğu qənaətinə gəlib. Məlum görüş Maskın Dövlət Səmərəliliyi Departamentindəki (DOGE) vəzifəsindən qalmaqalla ayrılmasından yeddi ay sonra baş tutub. Lakin bu məsləhətləşmənin dekabr ayındakı gərginliklə necə əlaqələndiyi hələ də tam aydın deyil.
Həmin dövrdə iki ölkə arasında münasibətlər kulminasiya nöqtəsinə çatmışdı: Tramp administrasiyası “Southern Spear” kod adlı əməliyyat çərçivəsində narkokartellərə qarşı mübarizə aparır, dəniz blokadası tətbiq edir və Maduro hökumətini “xarici terror təşkilatı” elan edirdi. Mə perdearxası məqamlara əsasən, Trampın komandası Maduronun devrilməsi və ölkənin neft-resurslarına nəzarətin ələ keçirilməsi ehtimalına qarşı keçid dövrü planları hazırlayırdı.
“Time” jurnalının nəşri Trampın yekun qərarı qəbul etməsində məhz “Grok”un təkanverici rol oynaya biləcəyini göstərir.
Qeyd edək ki, bu il ABŞ hökuməti süni intellekt texnologiyalarının tətbiqini kəskin şəkildə artırıb. Google şirkətinin “Gemini” və Maskın “Grok” sistemləri “Medicare” daxil olmaqla dövlət xidmətlərində, müdafiə sahəsində və hətta qırıcı təyyarələrin idarə olunmasında tətbiq edilir. Eyni zamanda OpenAI-ın “ChatGPT”, Meta-nın “Llama” və Anthropic-in “Claude” sistemləri də dövlət strukturunda müəyyən tapşırıqların icrası üçün təsdiqlənib.
