Almaniyada İŞİD-ə qarşı əməliyyat keçirilib

Az.shafaqna.com-un DW-yə istinadən verdiyi məlumata görə, Dortmund polis xüsusi təyinatlıları xüsusi xidmət orqanlarının məlumatı sayəsində Almaniyanın qərbindəki Unna və Haqen şəhərlərində bir Almaniya və iki Suriya vətəndaşını “dövlət əleyhinə cinayət” hazırlamaqda şübhəli bilərək saxlayıb. Bu barədə n-tv telekanalı cümə günü, 2 oktyabr tarixində öz saytında xəbər verib.

Söhbətin mümkün terror aktının hazırlanmasından getdiyi dəqiqləşdirilir. Almaniya qanunvericiliyi polisə hücumun qarşısını almaq üçün belə hallarda hətta cinayətin planlaşdırılması mərhələsində saxlanılmalar həyata keçirməyə icazə verir.

Nəşrdən bəlli olduğu kimi, saxlanılan almaniyalı 33 yaşındadır, əslən Münsterdəndir, lakin Unnada yaşayır. Suriyalılar müvafiq olaraq 20 və 24 yaşlarındadır, yaşayış yerləri isə Haqendir. Qeyd olunan hər üç şəhər Şimali Reyn-Vestfaliya federal torpağında yerləşir.

Saxlanılanlar, çox güman ki, İŞİD tərəfdarlarıdır

Saxlanılmanın 1 oktyabr tarixində Torpaq Cinayət İşləri İdarəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilir. Bununla belə, polis terror aktının törədilməsinin ehtimal olunan üsulu və hədəfləri barədə təfərrüat verməyib. “Cinayətin pərdəarxası məqamları və digər hallar cari istintaqın mövzusudur”, — deyə oradan bildirilib.

Eyni zamanda, dpa agentliyi təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır ki, saxlanılanlar İŞİD terror təşkilatının tərəfdarları hesab olunur. Məlumata görə, almaniyalı şəxs İslam dinini qəbul edib.

Öz növbəsində Bild qəzeti xəbər verir ki, adı çəkilən üç nəfər internetdə silah tətbiq etməklə mümkün terror aktını müzakirə edirmişlər. Dpa xatırladır ki, terror aktının hazırlanması şübhəsi olduqda istintaq hakimi saxlanılanlar üçün 14 günədək müddətə həbs qətimkan tədbiri seçmək hüququna malikdir. Əgər bundan sonra şübhələr təsdiqini tapmazsa, saxlanılan şəxslər azad edilməlidir.

Bu məqaləni paylaş