Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

Çexiya hökuməti yanacaq bazarında qiymət artımının qarşısını almaq məqsədilə yeni maksimal satış qiymətləri müəyyənləşdirib.

Az.shafaqna.com xəbər verir ki, Maliyyə Nazirliyinin oktyabrın 1-dən qüvvəyə minən qərarına əsasən, ölkədə dizel yanacağının bir litrinin qiyməti ən çox 48,58 kron, benzinin qiyməti isə 45,92 kron olacaq.

Yeni tariflər əvvəlki limitlə müqayisədə dizelin qiymətinin 14 heller, benzinin isə 22 heller aşağı salınmasını nəzərdə tutur. Yanacaq qiymətlərinə dövlət tərəfindən tətbiq edilən tənzimləmənin oktyabrın sonunadək davam etdirilməsi planlaşdırılır.

Qərarın əsas səbəbləri arasında dünya neft bazarında topdansatış qiymətlərinin sürətli yüksəlməsi və Yaxın Şərqdə gərgin vəziyyət göstərilir.

Tənzimləmənin qüvvəyə minməsindən sonra, cümə axşamı Çexiyadakı bir sıra yanacaqdoldurma məntəqələrində dizelin qiymətində ciddi eniş qeydə alınıb. Bəzi məntəqələrdə dizelin litri əvvəlki günlə müqayisədə 3 kronadək ucuzlaşıb.

Benzinin qiymətində isə azalma daha zəif olub. Buna səbəb bəzi yanacaq satıcılarının yeni məhdudiyyət tətbiq olunmazdan əvvəl daha aşağı qiymətlər müəyyən etməsi olub.

Bu məqaləni paylaş