Az.shafaqna.com xəbər verir ki, Əlcəzair parlamenti meşələrin qəsdən yandırılması və uşaqların oğurlanmasına görə edam cəzasının tətbiqini nəzərdə tutan qanun dəyişikliklərini səs çoxluğu ilə qəbul edib.
Yeni düzəlişlərə əsasən, xarici qüvvələrin göstərişi ilə meşə və əkin sahələrini bilərəkdən yandıran, həmçinin dövlət və ya şəxsi əmlaka qəsdən zərər vuran şəxslər ölüm hökmü ilə üzləşə bilərlər.
Bu cəza həmin əməllərin ictimai təhlükəsizliyə və asayişə, milli birliyə, eləcə də iqtisadi və ekoloji sabitliyə xələl gətirmək məqsədilə törədildiyi hallara da şamil ediləcək.
Uşaq oğurluğuna görə isə ölüm hökmü yalnız cinayət zamanı işgəncə, cinsi zorakılıq və ya xəsarət yetirmə hallarının baş verdiyi təqdirdə tətbiq ediləcək.
Qeyd olunur ki, parlamentin qəbul etdiyi dəyişikliklər hələ qüvvəyə minməyib. Bunun üçün sənədin yuxarı palata tərəfindən təsdiqlənməsi və daha sonra ölkə prezidenti tərəfindən imzalanması tələb olunur.