Gürcüstan regional və qlobal əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.
Sənəddə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional səviyyədə əsas mexanizmlərdən biri olaraq qalacağı bildirilib. Bu platformanın müxtəlif sahələr üzrə fəaliyyət göstərən nazirliklər arasında qarşılıqlı əlaqələrin davam etdirilməsinə xidmət edəcəyi vurğulanıb.
Bununla yanaşı, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı da davam etdirəcəyi qeyd olunub.
Qanun layihəsinə əsasən, Cənubi Qafqaz dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, eləcə də Azərbaycan, Türkiyə və Ermənistanla strateji tərəfdaşlığın daha da gücləndirilməsi Gürcüstanın xarici siyasətinin başlıca istiqamətləri sırasında yer alır.
Sənəddə həmçinin Gürcüstanın Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası üzrə proseslərin yenidən başlanmasının və ya davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.