Ronaldu Portuqaliya millisindən ayrılmaq qərarına gəlib

“Qızıl top” mükafatının beşqat sahibi Kriştianu Ronaldu Portuqaliya milli komandasında karyerasını başa vurmaq ehtimalını gündəmə gətirib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

41 yaşlı hücumçu oktyabrın 1-də UEFA Millətlər Liqası çərçivəsində Danimarka ilə keçiriləcək qarşılaşma ərəfəsində millinin düşərgəsini tərk etmək qərarı ilə bağlı açıqlama verib. O, bu addımının səbəblərini daha sonra ətraflı izah edəcəyini bildirib.

Ronaldu qərarını Portuqaliya millisinin baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə apardığı söhbətin ardından verdiyini qeyd edib. Futbolçu Portuqaliya xalqına milli komandadan ayrılmasının səbəbləri barədə həqiqəti açıqlayacağına söz verib.

Qeyd edək ki, Ronaldu UEFA Millətlər Liqasında Norveçlə son qarşılaşmada ehtiyat oyunçular skamyasında qalıb. Həmin görüş Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Karyerası ərzində Ronaldu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibi olub. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol göstəricilərinə görə bir sıra rekordlara sahibdir.

Portuqaliyalı futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, müxtəlif dövrlərdə Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandalarının formasını geyinib.

Ronaldu indiyədək peşəkar karyerasında ümumilikdə 979 qol vurub. Bunlardan 146-sı Portuqaliya millisinin, 833-ü isə klub komandalarının heyətində qeydə alınıb.

Bu məqaləni paylaş