Gürcüstan və Azərbaycan “Yaşıl Enerji Dəhlizi”ni genişləndirir

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Mariam Kvrivişvili Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov ilə görüşüb.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli və regional formatlarda energetika sektorunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.

Söhbət Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 4000 МVt gücündə elektrik ötürücü layihəsinin inkişafını və Cənubi Qafqazdan Avropaya bərpa olunan enerjinin ixracını hədəfləyən “Yaşıl Enerji Dəhlizi”nə toxunub.

Tərəflər, həmçinin icrasına 2025-ci ildə başlanılan və tamamilə quruda yerləşən “yaşıl dəhliz” şəklində inkişaf etdiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik enerjisi dəhlizi təşəbbüsünü müzakirə ediblər.

Görüşün sonunda tərəflər regionun iqtisadi artımına, investisiyaların cəlb edilməsinə və daha dayanıqlı energetika gələcəyinin təmin olunmasına töhfə verəcək birgə layihələrin uğurla həyata keçirilməsi üçün aktiv əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Görüşdə İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İnqa Pxaladze, Dövlət Elektrosisteminin baş direktoru Davit Vardiaşvili, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak ediblər.

Bu məqaləni paylaş