Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 27 fevraldan Gürcüstanda bələdiyyə nəqliyyatının həftəsonları fəaliyyəti də bərpa edilib, həmçinin “Gürcüstan Dəmir Yolları” (GDY) da yenidən işə başlayıb.
Xatırladaq ki, metro, avtobuslar və mikroavtobuslar 8 fevraldan şəhər və rayonlarda fəaliyyətini bərpa etsə də, onlar həftəsonları işləmirdilər.
Lakin Baş nazir İrakli Qaribaşvili 24 fevralda pandemiya ilə bağlı ölkədə tətbiq edilə bir sıra məhdudiyyətlərin yumşaldılması barədə elan edib. Həmçinin 25 fevraldan şəhərlərarası nəqliyyatın da fəaliyyətinə icazə verilib.
Təhlükəsizlik tədbirləri isə qüvvədədir: ictimai nəqliyyatda maskasız hərəkət qadağandır.
Həmçinin soyuducu və isidici sistemlərin istifadəsi qadağası hələ də qüvvədədir. Bu qaydalara əməl edilib-edilmədiyi isə bələdiyyə xidməti əməkdaşları və polislər tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılacaq.
GDY-a gəlincə isə, şirkət artıq 25 fevraldan şəhərlərarası reyslərin biletlərinin onlayn satışına başlayıb. Biletlərin kassadan alışı isə 26 fevraldan mümkün olub. Bütün istiqamətlərə olan biletlərin qiymətləri dəyişməz olaraq qalıb, lakin qatarlar yalnız gündüzlər hərəkət edəcək.
GDY bəyan edib ki, təhlükəsizlik tədbirlərini təmin etməyə hazırdır:
- Sərnişinlər termoskrininqdən keçəcəklər;
- Onlar sosial məsafəyə əməl etməlidirlər;
- Vaqona daxil olarkən hər kəs dezinfeksiya baryerindən keçəcək;
- Əllər dozatorlarda dezinfeksiyaedici məhlulla yuyulmalıdır;
- Maskasız şəxslərə qatarlara buraxılmayacaq. Sərnişin bütün səyahət boyu maskada olmalıdır.