Gürcüstanda “27 Sentyabr – Anım Günü” qeyd edilib – FOTO

Az.shafaqna.com xəbər verir ki, “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Gürcüstanda yaşayan soydaşlarımızın iştirakı ilə silsilə tədbirlər keçirilib.
Anım Günü çərçivəsində Marneuli şəhərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan İş Adamları Birliyinin dəstəyi, Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Əbədi Yaşayanlar” adlı anım tədbiri keçirilib.
Tədbirdə Şəhid ailələrinin üzvləri, Türkiyə Respublikasının Gürcüstandakı Səfirliyinin diplomatları və hərbi attaşe aparatının əməkdaşları, Ali din xadimləri və ruhanilər, təşkilat rəhbərləri, ziyalılar, icma və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı xidmətləri və göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, həmçinin bədii səhnə nümayiş etdirilib.
Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının səfiri F.Quliyev və səfirliyin əməkdaşları Gürcüstanın müxtəlif bölgələrində yaşayan Şəhid ailələrini ziyarət ediblər. Görüşlər zamanı Şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanılıb, onlara diqqət və dəstək ifadə olunub.
Səfir F.Quliyev Bolnisi rayonunun Kəpənəkçi kəndində Şəhid Elşad Budaqovun doğulduğu evə baş çəkib və burada səfirliyin dəstəyi ilə Şəhidin xatirəsinə yaradılmış otaqla tanış olub. Diplomat Şəhidin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması, eləcə də onun əziz xatirəsinin yaşadılması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Səfir, həmçinin Bolnisi rayonunun Zol-Güvəc kəndində Şəhid Elşən Məmmədovun məzarını ziyarət edib və onun ailə üzvləri ilə görüşüb.
Bununla yanaşı, Səfirliyin təşkilatçılığı və Azərbaycan İş Adamları Birliyinin dəstəyi ilə Tbilisi, Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında Şəhid ailələri ziyarət olunub, ailələrə xüsusi sovqatlar təqdim edilib.
Keçirilən tədbir və görüşlərdə Şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bu məqaləni paylaş