Gürcüstanın NATO-nun Çoxmillətli Hərbi Polis Batalyonuna qoşulması ilə bağlı SHARP LYNX 2026 kompüter əsaslı təliminə start verilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimin açılış mərasimi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) keçirilib. Tədbirdə Gürcüstan Müdafiə Qüvvələri Komandanının müavini general-mayor İrakli Çiçinadze, Hərbi Polis İdarəsinin rəisi general-mayor Şalva Şengeliya və JTEC komandiri polkovnik David Qaqua iştirak ediblər.
Təlim zamanı Gürcüstan Müdafiə Qüvvələrinin hərbi polisinin imkanlarının qiymətləndirilməsi planlaşdırılır.
SHARP LYNX 2026 Gürcüstanın NATO Çoxmillətli Hərbi Polis Batalyonuna qoşulması üçün müəyyənləşdirilən prosedurlar çərçivəsində həyata keçirilən yekun mərhələlərdən biridir. NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində təşkil olunan təlimin əsas məqsədi çoxmillətli mühitdə qarşılıqlı fəaliyyət, heyət prosedurları, koordinasiya və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimdə Gürcüstanla yanaşı, Polşa, Çexiya, Slovakiya, Xorvatiya və Macarıstanın hərbi polis bölmələrinin nümayəndələri də iştirak edir.