Azərbaycanda şəhid jurnalistlərin əziz xatirəsinə həsr olunan V minifutbol turnirinə start verilib

Az.shafaqna.com xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda Müstəqilliyin Bərpası Günü və Zəfər Gününə həsr olunmuş ənənəvi minifutbol turnirinin rəsmi açılış mərasimi baş tutub. Vətən uğrunda canından keçən şəhid mətbuat işçilərinin anımına həsr edilən və həvəskar komandaların qatıldığı yarış noyabrın 15-dək davam edəcək.

Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən təşkilatçı, jurnalist Əsgər İbrahimov, Ardanış kənd icmasının rəhbəri Məhəmməd Kərimov, Gənclər və İdman Nazirliyinin rəsmisi Aqşin Fərəcov, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov, “Loru” komandasının rəhbəri Vüqar Hacıyev, pedaqoq Sahib Əhmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səməndər Mənəfov, eləcə də veteran futbolçular Maşallah Əhmədov və Asif Əliyev bu cür turnirlərin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, bu təşəbbüslər şəhidlərimizin adının yaşadılması, onların xatirəsinin uca tutulması və böyüməkdə olan nəslə vətənpərvərlik hissələrinin aşılanması baxımından böyük dəyər kəsb edir.

Sitatlarda vurğulanıb ki, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan jurnalistlərin və bütün Vətən övladlarının xatirəsini əbədiləşdirmək hər bir vətəndaşın mənəvi borcudur.

Məlumat üçün bildirək ki, yarış Ardanış Futbol Məktəbi və Rakus.az portalının təşkilatçılığı, Bakı Tennis Akademiyası ilə “Azfar Group”un dəstəyi ilə gerçəkləşdirilir. Turnirə AzTV, Baku TV, ATV, Xəzər TV, CBC Sport, AnewZ, AZƏRTAC, APA Sport, Gəncəvi Media və BAKU.WS informasiya dəstəyi verir, “Mister Tum” və “Bee Tours” isə tərəfdaş qismində çıxış edir.

Yubiley xarakteri daşıyan 5-ci turnirdə çempionluq uğrunda 16 kollektiv mübarizə aparır: “AzTv-Qalaktikos”, “ATV”, “Xəzər TV”, “CBC Sport”, “AnewZ”, AZƏRTAC, “APA Sport”, “BAKU.WS”, MEDİA, “Gəncəvi Media”, “Zəfər 44”, “Veteranlar”, “VƏTƏN”, “Ardanış”, “Əmrxeyir” və “Qaraqoyunlu”. İştirakçıların 10-u media təmsilçiləridir.

Bu məqaləni paylaş