Ayətullah Sistanidən sədəqə ilə bağlı iki suala cavab

Az.shafaqna.com böyük mərcəi təqlid Ayətullah Seyid Sistaniyə ünvanlanan sədəqə ilə bağlı maraqlı iki sual və cavabı təqdim edir:

1-ci sual: Sualım cismani və maddi problemlərimlə bağlıdır. Bəzən baş verəcək hadisələrdən qorxuram. Maddi və mənəvi çətinliklər, xəstəliklər və pis hadisələrdən qorunmaq üçün nə tövsiyə edirsiniz?

Cavab: Sədəqə verməyi məsləhət görürük. Çoxsaylı hədislərdə sədəqə vermək tövsiyə olunur. Hədisdə nəql olunur ki, sədəqə xəstəyə şəfa verir, hətta qətiləşmiş bəlanı dəf edir, ruzini çoxaldır. Həmçinin rəvayətdə nəql olunur ki, sədəqə bəndənin əlinə çatmazdan qabaq Allahın əlinə çatar, bərəkət gətirər, borcu ödəyər, malı çoxaldar, pis ölümü, xəstəliyi, ağır bəlanı, odda yanmaq və suda batmaq kimi bəlaları, cüzamı, dəliliyi və yetmiş bəlanı insandan uzaqlaşdırar. Müstəhəbdir ki, sədəqə günün əvvəlində verilsin, bu sədəqə həmin günün bəlasından saxlayar. Həmçinin müstəhəbdir ki, gecənin əvvəlində sədəqə verilsin, bu sədəqə gecənin bəlasını dəf edir.
2-ci sual: Qeyri-müsəlmanlardan olan fəqir insanlara sədəqə verə bilərikmi?

Cavab: İslam və möminlərə qarşı inad və düşmənçilikləri olmasa, onlara sədəqə vermək olar. Allah-taala belə əmələ görə mükafat verər.
Bu məqaləni paylaş