Ayətullah Xamenei mərcə təqlidin vəfatı münasibətilə başsağlığı verdi

Az.shafaqna.com xəbər verir ki, İnqilab Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Ayətullah Şübeyri Zəncaninin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığı mətnində Ayətullah Müctəba Xamenei deyib:

“Möhtərəm ustadımız, uca Məqamlı fəqih Həzrət Ayətullahül-Üzma Şübeyri Zəncaninin vəfatı barədə kədərli xəbəri aldıq.

Bu alicənab alim uşaqlığının ilk bir neçə ilini çıxmaqla, bütün şərəfli ömrünü elm öyrənməyə, tədrisə və tədqiqata həsr etmişdir. O, istər yaşıdları və dövrdaşları, istərsə də ustadları tərəfindən həmişə dərin zəkasına və tədqiqatçılıq qabiliyyətinə görə yüksək qiymətləndirilmişdir.

Onun şəri hökmlərin çıxarılması (istinbat) ilə bağlı müxtəlif elmlərə dərindən yiyələnməsi hər zaman incəliklərə və dərindən araşdırmalara əsaslanırdı. O böyük şəxsiyyətin dərs məclisləri, hətta dinləyicilərin sayı bir neçə nəfəri keçmədiyi vaxtlarda belə, həqiqi elmi araşdırma və dəqiqlik məkanı kimi tanınırdı. Xoşbəxtlikdən, son üç onillikdən artıq bir müddətdə çoxlu insan öz imkanı xaricində onun dəyərli varlığından faydalanmaq və öz elmi fəaliyyətləri üçün bəhrələnmək şansı qazandı. Onunla ünsiyyətdə olmaq, hətta dərsdən çıxıb evinə tərəf piyada getdiyi anlarda belə, həm öyrətmək, həm də öyrənmək məqamı idi. Onun elmi nüfuzundan əlavə, tələbələrə və alimlərə qarşı göstərdiyi təvazökar və atasayağı rəftarı da hər kəsə bəlli olan bir ibrət dərsi idi.

Şübhəsiz ki, bu görkəmli şəxsiyyətin itkisi müasir dövrün birinci dərəcəli şiə tədqiqatçıları cərgəsində yeri uzun müddət dolmayacaq böyük bir boşluq yaratdı. Mən bu ağır musibət münasibətilə Mövlamıza (Əcciləllahu taala fərəcəhuş-şərif), elmi hövzələrə, xüsusilə onun tələbələrinə, sevənlərinə və ilk növbədə onun alim və fəzilətli şəxslər yetişdirən ocağına (ailəsinə) dərin hüznlə başsağlığı verir, Allahdan o böyük şəxsiyyətin ruhunun şad olmasını və məqamının ucalmasını diləyirəm.”

Bu məqaləni paylaş