Qlobal səviyyədə yanacaq böhranı gözlənilir

Yaxın Şərqdə davam edən münaqişələr, xüsusilə də İrana qarşı başladılan müharibə fonunda ABŞ-ın neft şirkətlərinin rəhbərlərinin daha əvvəl xəbərdarlıq etdiyi qlobal yanacaq böhranı artıq özünü göstərməyə başlayıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində yayımlanan məqalədə bildirilib.

Nəşrin yazdığına görə, neft sənayesinin rəhbərləri dünyada ciddi yanacaq böhranının artıq başladığını hesab edirlər.

Məlumata əsasən, son altı aydan artıq müddətdə qlobal kommersiya yanacaq ehtiyatları davamlı şəkildə azalır. Bununla yanaşı, strateji neft ehtiyatlarından istifadə imkanları da demək olar ki, son həddə çatıb. Enerji sektorunun təcrübəli mütəxəssisləri Yaxın Şərqdəki münaqişənin sona çatması ilə bağlı aydın perspektivin olmamasının vəziyyəti daha da ağırlaşdıra və böhranın nəzarətdən çıxmasına səbəb ola biləcəyini bildiriblər.

WSJ-nin məlumatına görə, ABŞ-də dizel yanacağının qiyməti son bir ayda təxminən 14%, illik ifadədə isə 60%-dən çox yüksəlib.

CNN-in məlumatına görə, ABŞ prezidenti yanacaq qiymətlərindəki artımın qarşısını almaq məqsədilə bir sıra addımlar atmağa çalışıb. Bu çərçivədə Ağ Evdə neft emalı müəssisələrinin rəhbərləri ilə xüsusi görüş keçirilib və Venesuela ilə böyük neft müqaviləsinin bağlandığı açıqlanıb.

Lakin CNN-ə danışan ekspertlər ABŞ-dəki neft emalı zavodlarının artıq maksimum gücə yaxın işlədiyini vurğulayıblar. Onların fikrincə, Venesuelanın 2035-ci ilədək neft tədarükünü əhəmiyyətli dərəcədə artırması da çox az ehtimal olunur.

Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl benzin qiymətlərinin müharibədən əvvəlki səviyyəyə nə vaxt qayıdacağı ilə bağlı konkret tarix açıqlamaqdan imtina edib.

Bu məqaləni paylaş