Hicrətin 1-ci əsrinə aid məscid aşkar edilib

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Əl-Mə`mələ ərazisində arxeoloqlar 1300 il yaşı olan məscid aşkar ediblər.

Az.shafaqna.com xəbər verir ki, bu, Ərəbistan yarımadasında İslam memarlığının ən erkən tikililərindən biridir.

Məscid diqqətlə işlənmiş qranitdən inşa edilib. Onun divarlarında yazılar, suvaq izləri və bu ərazidə dağ-mədən işlərinin yaxşı inkişaf etdiyini göstərən memarlıq xüsusiyyətləri qorunub.

Səudiyyə Ərəbistanının Mədəni İrsin Mühafizəsi Komissiyası məscidin tarixini hicrətin I əsrinə aid edib. Bu dövr təxminən eramızın VII əsri və VIII əsrinin əvvəllərinə uyğun gəlir.

Məscidin ölçüləri 16×10 metrdir. Divarların tikintisində istifadə olunan qranit blokların üzərində gips suvaq izləri aşkarlanıb. Bu da göstərir ki, əvvəllər divarların üzəri xüsusi işlənmiş və suvaqla örtülmüş olub.

Planı yaxşı vəziyyətdə qorunmuş tikilinin daxilində mehrab və şərq, qərb və cənub tərəflərində yerləşən üç giriş var. Arxeoloqlar kompleksin cənub-şərq hissəsində minarə kimi şərh edilən kvadrat formalı bir tikili də aşkar ediblər. Bir-birinə bitişik səkkiz otaqdan isə, görünür, məscid və ətraf yaşayış məntəqəsi ilə əlaqəli fəaliyyətlər üçün istifadə olunub.

Məscidin divarlarında yazılar da qorunub. Mədəni İrsin Mühafizəsi Komissiyasının məlumatına görə, bu yazılara həm tikilinin daxilində, həm də xarici divarlarında rast gəlinir. Onların arasında dini müraciətlər və Qurani-Kərim ayələri var. Qiblə divarındakı yazıda əziz İslam Peyğəmbəri həzrəti Məhəmməd ibn Abdullah (s) üçün bərəkət diləyən dua yer alır.

Əl-Mə`mələ yaşayış məntəqəsi əsasən mineral ehtiyatların, xüsusilə qızıl, gümüş və misin hasilatı və emalı ətrafında inkişaf edib.

Əvvəlki arxeoloji qazıntı mövsümlərində dağ-mədən sənayesi ilə əlaqəli tikililər və alətlər, həmçinin yaşayış binaları və sənətkarlıq istehsalına dair sübutlar aşkar edilib.

Əl-Mə`mələ Əl-Əqiqdən təxminən 13 kilometr şərqdə, Əl-Bahadan isə təxminən 45 kilometr məsafədə, qədim Dərb əl-Fil, yəni “Fil yolu”nun yaxınlığında yerləşir. Bu marşrut vaxtilə Cənubi Ərəbistanı daha şimalda yerləşən bölgələrlə birləşdirib. Sonralar isə İslam dövründə səyyahlar və zəvvarlar tərəfindən istifadə olunan yol şəbəkəsinin bir hissəsinə çevrilib.

Bu məqaləni paylaş