Filippində müsəlmanların çoxluq təşkil etdiyi Banqsamoro Muxtar Bölgəsində ilk dəfə parlament seçkiləri keçirilir.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, səsvermədə təxminən 2,4 milyon seçici iştirak edir. Seçkilər nəticəsində 80 deputat müəyyənləşəcək və yeni parlament bölgənin baş nazirini seçəcək.
Banqsamoroda parlament seçkilərinin keçirilməsi 2014-cü ildə Filippin hökuməti ilə Moro İslam Azadlıq Cəbhəsi arasında əldə olunan sülh sazişinin əsas müddəalarından biridir. Səsvermənin 2022-ci ildə keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası və digər səbəblərdən seçkilər üç dəfə təxirə salınıb.
Banqsamoro Muxtar Bölgəsinin yaradılması Mindanao adasında uzun illər davam edən silahlı qarşıdurmanın sona çatdırılması və bölgənin müsəlman əhalisinin öz müqəddəratını müəyyənləşdirməsi baxımından mühüm mərhələ hesab edilir.
Seçkilərin ilkin nəticələrinin çərşənbə axşamı açıqlanacağı gözlənilir.