İraqın cənubundakı Bəsrə əyalətində gübrə istehsalı müəssisəsində ammonyak sızması baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, azı 50 nəfər zəhərlənib.
Bu barədə Bəsrə Mülki Müdafiə Qərargahının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Xor əz-Zübeyr rayonunda yerləşən müəssisədə baş verən insident zamanı xüsusi xilasetmə briqadaları zavodun 10 əməkdaşını təhlükəsiz əraziyə çıxarıb. Ammonyakdan zəhərlənən azı 50 nəfər isə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.
Hadisə yerinə xilasetmə qüvvələri ilə yanaşı, kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinə qarşı mübarizə üzrə ixtisaslaşmış qrup da cəlb olunub.
Mülki Müdafiə Qərargahı ammonyak sızmasının tam nəzarətə götürüldüyünü və ərazidə təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.
İlkin araşdırmalara görə, hadisəyə təsadüfi qaz sızması səbəb olub.