265 milyon insan buna görə yaşayış yerini tərk edib

Az.shafaqna.com xəbər verir ki, Son onillikdə təbii fəlakətlər nəticəsində təxminən 265 milyon insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

Alimlərin 2000–2019-cu illərdə 216 ölkə və ərazi üzrə məlumatları araşdırdığı tədqiqat göstərib ki, ekstremal iqlim hadisələrinin insanların miqrasiyasına təsiri bir sıra amillərdən asılıdır. Bunlara fəlakətin xarakteri, ölkənin gəlir səviyyəsi və həmin ərazidə əvvəlki miqrasiya meylləri daxildir.

Araşdırmanın nəticələri “Nature Climate Change” jurnalında dərc olunub.

Tədqiqatda ən uzunmüddətli miqrasiya təsirinin daşqınlar zamanı yarandığı müəyyən edilib. Daşqınların yaşayış binalarına və infrastruktura zərər vurması insanların ərazini tərk etməsinə səbəb olmaqla yanaşı, həmin bölgələrə yeni sakinlərin köçünü də azaldır. Bu tendensiya xüsusilə aşağı gəlirli ölkələrdə daha qabarıq olub və bəzi ərazilərdə təsir bir neçə il davam edib.

Quraqlıqların təsiri isə dərhal özünü göstərməyib. Tədqiqatçılar miqrasiyaya nəzərəçarpacaq təsirin təxminən iki il sonra ortaya çıxdığını müəyyənləşdiriblər. Ardıcıl şəkildə təkrarlanan quraqlıq dövrləri, xüsusilə iki və daha çox quraq ilin baş verməsi insanların köç imkanlarını daha da məhdudlaşdırıb.

Tropik siklonlar da əsasən gəlir səviyyəsi aşağı olan ölkələrdə miqrasiya proseslərinə ciddi təsir göstərib. Bəzi hallarda siklonların insanların köçünə təsiri beş ilədək davam edib.

Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr iqlimlə əlaqəli təbii fəlakətlərin miqrasiyaya təsirini bütün hallara şamil olunan vahid qanunauyğunluqla izah etməyin mümkün olmadığını göstərir.

Bu məqaləni paylaş