Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul ola biləcəklər

2027–2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali təhsil müəssisələrinə qəbul imtahanı vermədən daxil ola biləcəklər.

Az.shafaqna.com xəbər verr ki, bu qərar Gürcüstan hökuməti tərəfindən qəbul edilib.

Yeni tələblərə görə, orta təhsilini tam başa vurmuş xarici vətəndaş universitetdə seçdiyi ixtisas üzrə tədris dilini bildiyini təsdiqləməlidir. Bunun üçün beynəlxalq səviyyədə tanınan dil sertifikatı təqdim etmək və ya Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində müvafiq dil imtahanından keçmək mümkün olacaq.

Gürcü dilində tədris aparılan proqramlara müraciət edənlərdən isə dövlət dilini bildiklərini təsdiqləmələri tələb ediləcək.

Müəyyən edilən minimum dil səviyyəsi bakalavr pilləsi üçün B1, magistratura üçün isə B2 olacaq. Beynəlxalq sertifikat təqdim edən şəxslər nəzərə almalıdırlar ki, sənəd müraciət zamanı qüvvədə olmalı və onun verildiyi tarixdən üç ildən artıq müddət keçməməlidir.

Magistratura təhsili almaq istəyən xarici vətəndaşlardan, həmçinin başqa ölkədə əldə etdikləri ali təhsil və müvafiq akademik dərəcəni təsdiqləyən sənəd tələb olunacaq.

Qeyd edək ki, Gürcüstanın dövlət universitetlərində bu ildən ölkə vətəndaşları üçün təhsilin ödənişsiz olması səbəbindən 2026–2027-ci tədris ili üçün xarici tələbələrin dövlət ali məktəblərinə qəbulu həyata keçirilməyib. Yeni qəbul qaydaları təhsil islahatları çərçivəsində tətbiq olunsa da, özəl universitetlərə şamil edilmir.

Gürcüstanda xarici vətəndaşlar üçün ali təhsil ödənişlidir. Təhsil haqqı universitetə və proqramın tədris dilinə görə dəyişir və orta hesabla illik 1 500–8 000 ABŞ dolları arasında təşkil edir.

Bu məqaləni paylaş