Gürcüstan azərbaycanlıları arasında doğum səviyyəsi azalıb

2026-cı ilin ilk altı ayında Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində əhalinin təbii artımı 223 nəfər təşkil edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin açıqladığı məlumatlarda bildirilib.

Statistikaya əsasən, bölgədə təbii artım ötən ilin eyni dövrü ilə müqayisədə 4 nəfər və ya 1,83% artıb.

Bununla yanaşı, son üç il ərzində Kvemo Kartlidə doğum sayında azalma tendensiyası müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyun aylarında bölgədə 1 982 doğum qeydə alınıb. Bu göstərici 2025-ci ilin müvafiq dövründən 19, 2024-cü ilin eyni dövründən isə 192 nəfər azdır.

Hesabat dövründə Kvemo Kartlidə 1 302 nikah bağlanıb, 674 boşanma rəsmiləşdirilib.

Gürcüstan üzrə ümumi göstəricilərə gəldikdə isə, ilin ilk yarısında təbii artım mənfi 4 715 nəfər olub. Ölkədə yalnız Tbilisi (424 nəfər) və Acarıstan (330 nəfər) üzrə müsbət təbii artım qeydə alınıb.

Eyni dövrdə Gürcüstanda 10 006 nikah və 6 095 boşanma rəsmiləşdirilib.

Bu məqaləni paylaş