Yəmən ordusu Moxa liman şəhərini ələ keçirib: Yüzlərlə əsir azad edilib ▶️

Az.shafaqna.com xəbər verir ki,Yəmən Silahlı Qüvvələri («Ənsarullah» hərəkatı, Husilər) Qırmızı dəniz sahilində yerləşən strateji əhəmiyyətli Moxa liman şəhərini genişmiqyaslı quru əməliyyatı nəticəsində nəzarətə götürüb. Bab əl-Məndəb boğazına yaxınlığı ilə seçilən şəhər uğrunda son günlər şiddətli döyüşlər gedib. Bu irəliləyiş hərəkata regionun mühüm dəniz ticarət marşrutları üzərində daha böyük nəzarət imkanı qazandırır.

Moxa həbsxanalarında olan əsirlər azad edilib

Şəhərin nəzarətə götürülməsi ilə eyni vaxtda Moxada Tariq Əfaffın qüvvələri tərəfindən saxlanılan yəmənli hərbçilər və əsirlər azad olunub. Əsirlər üzrə Milli Komitənin sədri Əbdülqadir əl-Murtada bildirib ki, Səudiyyə Ərəbistanının danışıqları uzatmasından sonra Yəmən qüvvələri Qərb sahilindəki həbsxanaları güclə açaraq bütün əsirləri heç bir qarşılıq ödənilmədən azad edib. Moxa ilə yanaşı Zubab, Əl-Vaziiyyə, Muvəzzə və Hays ərazilərindəki əsirlər də azadlığa qovuşub.

Hərbi qarşıdurma və hava zərbələri

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Yəhya Səri yerli istehsal olan «yer-hava» raketləri ilə Təiz vilayətində Səudiyyə Ərəbistanının döyüş birləşməsini geri çəkilməyə məcbur etdiklərini bəyan edib. O, həmçinin Səudiyyə koalisiyasının F15 və Typhoon qırıcıları ilə Təiz, Əl-Hudeydə, Mərib və Əl-Cəvf vilayətlərinə son 24 saatda 64 hava zərbəsi endirdiyini bildirib.

Bu məqaləni paylaş