Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin bölmələri Xəzər dənizinin ölkəyə aid sektorunda planlı hərbi təlimlərə start verib.
Az.shafaqna.com xəbər verir ki, barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər çərçivəsində hərbi gəmilərin ekipajları Xəzərin Qazaxıstan sektorunun müxtəlif hissələrində hərəkət edəcək, fərqli şəraitlərdə fəaliyyət göstərmək üzrə hazırlıq keçəcək və praktiki atışlar həyata keçirəcəklər.
Məlumata görə, hərbi təlimlər üç mərhələdə təşkil olunacaq. Bu müddətdə ekipajlar gəmilər arasında qarşılıqlı fəaliyyəti, naviqasiya və rabitə prosedurlarını, gəminin idarə olunmasını, eləcə də silahlardan istifadə qaydalarını məşq edəcəklər. Xüsusilə sahildən uzaq ərazilərdə keçirilən fəaliyyətlərə diqqət ayrılacaq.
Hərbi Dəniz Qüvvələri baş komandanının döyüş hazırlığı üzrə müavini, 1-ci dərəcəli kapitan Arman Satkanov bildirib ki, təlimlərin əsas məqsədlərindən biri hərbi qulluqçuların praktiki bacarıqlarının daha da inkişaf etdirilməsidir.
Onun sözlərinə görə, gəmilərin yürüşü zamanı ekipajlar silahlardan istifadə etməklə praktiki atışlar keçirəcək və birgə fəaliyyət üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Təlimin mərhələləri irəlilədikcə tapşırıqların çətinlik səviyyəsi artırılacaq və prosesə yeni bölmələr cəlb olunacaq.
Müdafiə Nazirliyi qeyd edib ki, keçirilən təlimlər Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının və ekipajların praktiki fəaliyyət imkanlarının artırılmasına xidmət edəcək.