“Rusiya ilə gərginləşmə Gürcüstanın milli maraqlarına uyğun deyil”

Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Gürcüstanın milli maraqlarına uyğun deyil.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O deyib ki, Avropa İttifaqının (Aİ) ayrı-ayrı ölkələri bu məsələyə necə yanaşmasından asılı olmayaraq, rəsmi Tbilisinin maraqları bunu tələb etmir.

Papuaşvili qeyd edib ki, sentyabr ayında Belçika və Lüksemburqa işgüzar səfər etməyi planlaşdırır. Papuaşvili səfər çərçivəsində bu məsələ ilə bağlı prinsipial mövqeyini avropalı tərəfdaşlarına ətraflı şəkildə izah etmək niyyətindədir.

“Əgər kimsə bunu başa düşmürsə, biz onlara ölkəmizin milli maraqlarının nədən ibarət olduğunu izah etməyə hazırıq. Ola bilsin ki, Rusiya ilə gərginliyin artırılması Almaniyanın və ya Litvanın maraqlarına uyğundur, amma bizim maraqlarımıza uyğun deyil. Hamı bizi bağışlasın, lakin bizim maraqlarımız onların maraqlarından üstündür”, – Papuaşvili deyib.

Spikerin sözlərinə görə, Brüssel Gürcüstanın siyasəti ilə bağlı Aİ daxilində yanlış narrativləri yaymağa çalışır. Buna görə də Gürcüstan “həqiqəti bütün üzvlərə çatdırmalıdır”.

Papuaşvilinin sözlərinə görə, Gürcüstanda bütün siyasi addımlar ölkəniin maraqları nəzərə alınmaqla, təhlil və rasional qərarlar əsasında atılacaq.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti dəfələrlə bildirib ki, 2022-ci ildə Ukraynada hadisələr başlayandan sonra “qlobal müharibə partiyası” ölkənin bu münaqişəyə cəlb olunması və Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün əlindən gələni edib.

Bu məqaləni paylaş