İsveçrədə su elektrik stansiyasında partlayış: Yaralılar var

İsveçrənin Tiçino kantonunun Piotta bölgəsində yerləşən “Ritom” su elektrik stansiyasında partlayış baş verib.

Az.shafaqna.com xəbər verir ki, partlayış nəticəsində stansiya binasının bir hissəsi dağılıb, iki nəfər ağır xəsarət alıb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. KİV-lərin yaydığı məlumatlarda ehtimal olunan səbəblərdən biri kimi stansiyanın istismara verilməsindən əvvəl aparılan sınaqlar zamanı transformatorla bağlı yaranan nasazlıq göstərilir.

Hazırda stansiyanın ətrafında xüsusi xidmətlərin genişmiqyaslı əməliyyatı davam edir. Əraziyə yanğınsöndürənlər, xilasedicilər və “Rega” xilasetmə helikopteri cəlb olunub. Polis stansiyanın ərazisini nəzarətə götürərək mühasirəyə alıb.

Bununla yanaşı, partlayışın hazırda istismarda olan köhnə stansiyada, yoxsa yaxınlıqda tikilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni obyektdə baş verdiyi hələlik dəqiqləşdirilməyib.

Bu məqaləni paylaş