Yaponiyada leysan: 2 milyon sakin təxliyə olunur

Yaponiyanın Aiti prefekturasında güclü leysan yağışları artıq ikinci gündür davam edir. Naqoya şəhərində yağıntının intensivliyi saatda 104,5 millimetrə çataraq rekord göstərici qeydə alınıb.

Az.shafaqna.com xəbər verir ki, yerli hakimiyyət orqanları təxminən 2 milyon sakinin təxliyəsini həyata keçirir.

Şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu Sakae rayonunda küçələri su basıb, suyun səviyyəsi dizə qədər yüksəlib. Günün ən sıx saatlarında qatar, avtobus və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Naqoya şəhər metrosunun fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.

Evə qayıda bilməyən sakinlər üçün Naqoya vağzalının yaxınlığında və şəhərin digər ərazilərində müvəqqəti sığınacaqlar təşkil olunub.

Yaponiya Meteorologiya Xidməti Şonay çayı ilə bağlı beşinci dərəcəli xüsusi daşqın xəbərdarlığı yayıb. Tübu Regional İnkişaf Bürosunun məlumatına görə, prefektura hökumətinin nəzarətində olan 15 yeraltı keçiddən ikisini su basıb.

Hazırda hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur.

Bu məqaləni paylaş