Avropanın avtomobil sənayesi çöküş təhlükəsi ilə üzləşib

Çin şirkətləri ilə rəqabət Avropanın avtomobil sənayesini ciddi təhlükə qarşısında qoyub.

Az.shafaqna.com xəbər verir ki, bunu beynəlxalq avtomobil hissələri istehsalçısı “Gestamp” şirkətinin təsisçisi və sədri Fransisko Riberas “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, elektromobillərin hazırlanması və istehsalı istiqamətində Avropa şirkətləri Çin istehsalçılarından geri qalır. Bu geriləmənin fonunda 2017-ci ildən bəri Avropada avtomobil istehsalının həcmi, ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələri də nəzərə alınmaqla, 20-25% azalıb.

“Financial Times”ın məlumatına görə, avtomobil sənayesinin Avropanın ÜDM-də payı təxminən 7%-dir və sektor 14 milyona yaxın insanın məşğulluğunu təmin edir. Eyni zamanda, avtomobil sənayesi metallurgiya, kimya, şüşə istehsalı və digər sahələrə tələbatın formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən avtomobil sektorunda baş verən geriləmə Avropanın digər sənaye sahələrinə də ciddi mənfi təsir göstərə bilər.

F.Riberas hesab edir ki, Çin avtomobil istehsalçılarının Avropa bazarında fəaliyyətlərini genişləndirməsinə imkan verilməlidir. Bununla belə, həmin şirkətlər yerli istehsal olunan avtomobil hissələrindən istifadənin həcmini də artırmalıdırlar.

Bu məqaləni paylaş