ABŞ-nin Kubaya tətbiq etdiyi ticari-iqtisadi və maliyyə blokadasının ötən ilin martından bu ilin fevralınadək ölkəyə vurduğu zərər 8,83 milyard dolları keçib.
“Az.shafaqna.com” xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya mətbuat konfransında açıqlayıb.
Nazirin sözlərinə görə, yeni hesabat dövründə qeydə alınan zərər əvvəlki göstəricidən 7 faiz çoxdur. Blokadanın 60 ildən artıq müddətdə Kubaya vurduğu ümumi ziyan isə cari qiymətlərlə 178,7 milyard dollardan çoxdur. Bu rəqəm əvvəlki hesabatda göstərilən məbləği 4,7 faiz üstələyir.
Bruno Eduardo Rodriqes Parrilya qeyd edib ki, hesabat BMT Baş Assambleyasının müzakirəsinə təqdim olunacaq.
ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi blokadanın aradan qaldırılmasının zəruriliyinə dair qətnamə üzrə növbəti səsvermənin oktyabrın 27–28-də Nyu-Yorkda keçirilməsi nəzərdə tutulur.