Təbii yanğınların yaratdığı tüstü hər il dünyada təxminən 100 min əlavə ölümə səbəb olur.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bülletenində məlumat verilib.
ÜMT-nin məlumatına görə, güclü meşə yanğınlarının sayı getdikcə artır. Yanğın tüstüsünün yüksək toksikliyi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bülletenin müəllifləri bildiriblər ki, 1990-cı illərdən etibarən dünyada yanğınlarla əlaqəli ekstremal tüstülənmə hallarının sayı üç dəfə artıb. Hesablamalara əsasən, 2010–2018-ci illərdə bu amil hər il təxminən 100 min əlavə ölümə səbəb olub. Ekspertlər real rəqəmin daha yüksək ola biləcəyini də qeyd ediblər.
ÜMT mütəxəssislərinin fikrincə, risklərin qiymətləndirilməsində istifadə olunan ənənəvi modellər tüstünün toksiklik səviyyəsini nəzərə almır. Buna görə də tüstü ilə əlaqəli ölüm hallarının sayı 93 faizə qədər aşağı qiymətləndirilə bilər.
Təşkilat xəbərdarlıq edib ki, meşə yanğınları və yüksək temperatur nəticəsində havanın daha çox çirklənməsi hava keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı beynəlxalq səyləri təhlükə altına ata bilər.
ÜMT-nin məlumatına görə, 2025-ci ildə sağlamlıq üçün təhlükəli PM2.5 incə dispers hissəciklərinin konsentrasiyası Kanadanın şimalında, Rusiyanın bəzi bölgələrində, həmçinin Qərbi və Mərkəzi Afrikada orta səviyyədən yüksək olub.
ÜMT ekspertləri bunu əsasən yanğınların artması ilə əlaqələndirirlər. Ötən il yüksək səviyyədə hava çirklənməsinin qeydə alındığı digər bölgə isə İspaniyanın şimal-qərbi olub.