BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır

Az.shafaqna.com xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 81-ci növbəti sessiyası təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında fəaliyyətə başlayacaq.

Sessiyanın açılışında BMT-nin baş katibi Antonio Quterreş və yeni sessiyanın prezidenti, Banqladeş nümayəndəsi Xəlilur Rəhman çıxış edəcəklər.

Sentyabrın 22-də başlayacaq yüksək səviyyəli həftə çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə ümumi müzakirələr aparılacaq. Tədbirdə 100-dən çox dövlət və 46 hökumət başçısının, eləcə də nazirlər və səfirlərdən ibarət geniş nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Baş Assambleya dünya liderlərinin iştirakı ilə bir sıra yüksək səviyyəli görüşlər də keçirəcək.

Bu tədbirlər sırasında İnkişaf hüququ haqqında Bəyannamənin qəbul edilməsinin 40-cı ildönümünə həsr olunan iclas, iqlim fəaliyyəti və ədalətli keçidlə bağlı görüş, dəniz səviyyəsinin yüksəlməsinin yaratdığı mövcudluq təhdidlərinə dair iclas, pandemiyaların qarşısının alınması, onlara hazırlıq və cavab tədbirlərinə həsr olunmuş görüş yer alır. Bundan başqa, Nüvə Silahlarının Tamamilə Ləğv Edilməsi üzrə Beynəlxalq Günün qeyd olunması və təşviqinə həsr edilmiş yüksək səviyyəli plenar iclas keçiriləcək.

Sessiya 2027-ci il sentyabrın 7-dək davam edəcək. Açılış ayının əsas tədbiri ənənəvi olaraq dövlət və hökumət başçılarının, həmçinin xarici işlər nazirlərinin qatıldığı yüksək səviyyəli ümumi müzakirələr olacaq. Ümumi müzakirələr sentyabrın 22–26-da və sentyabrın 28-də keçiriləcək.

81-ci sessiya beynəlxalq münaqişələrin davam etdiyi, BMT-nin maliyyə problemləri ilə üzləşdiyi və təşkilatın islahatı ilə bağlı səylərin aparıldığı bir dövrə təsadüf edir.

Növbəti ilin əsas hadisələrindən biri isə BMT-nin yeni baş katibinin seçilməsi olacaq. 2017-ci ildən təşkilata rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.

Bu məqaləni paylaş