Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili ölkə əhalisinə müraciət edərək pandemiya ilə bağlı tətbiq edilən qayda və tənzimləmələrə əməl etməyi – maska taxmağı, sosial məsafə saxlamağı, insanların çox olduğu yerlərdən uzaq durmağı xahiş edib.
Xatırladaq ki, ötən gün Qaribaşvili ölkədə tətbiq edilən bir sıra məhdudiyyətlərin ləğv edildiyini elan edib.
“Şübhəsiz, istənilən məhdudiyyətin yumşaldılma və ya ləğvi hər birimiz üçün məsuliyyətdir. Həmçinin fürsətdən istifadə edib vətəndaşlarımızdan qeydedilən yumşaldılmalara daha böyük məsuliyyət hissi ilə yanaşmalarını xahiş etmək istəyirəm”, – deyə o, hökumətin bugünkü iclasından öncə bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstan hökumətinin əhalinin kömək və dəstəyinə ehtiyacı var.
“Bu, əldə edilən tərəqqinin qorunub saxlanılması, gücləndirilməsi və daha da yaxşılaşdırılması üçün və vəziyyətin pisləşməməsi üçün lazımdır. Ona görə də bu məsələnin yaxşı koordinasiya və yardıma ehtiyac var- əhali və hökumətin birgə səyləri lazımdır”, – deyə o bildirib və əlavə edib ki, əldə edilən tərəqqi səhiyyə naziri tərəfindən olduqca effektiv şəkildə idarə edilir.
Onun sözlərinə görə, hökumət ölkədəki epidemioloji vəziyyəti daim nəzarətdə saxlayır və vəziyyətin təhlili əsasında məhdudiyyətləri yumşaldacaq və ya sərtləşdirəcək.