Yaponiya hökuməti güclü yağışların səbəb olduğu dağıdıcı torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar əhalini həyatlarını qorumaq üçün dərhal tədbir görməyə çağırıb.
Çağırış Niidzima kəndində rekord miqdarda leysan yağışlarının qeydə alınmasından sonra 5-ci səviyyəli xüsusi xəbərdarlığın elan edilməsi ilə bağlı olub. Xəbərdarlığın qüvvədə olduğu ərazilərdə torpaq sürüşməsinin artıq baş vermiş ola biləcəyi bildirilib.
Sakinlərə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi tövsiyə edilib. Təxliyənin təhlükəli olduğu hallarda isə yamaclardan və çay yataqlarından uzaq, daha təhlükəsiz ərazilərə keçməyin vacibliyi vurğulanıb.
Yaponiya hakimiyyəti ölkənin bir sıra bölgələrində güclü yağışların, daşqınların və yeni torpaq sürüşmələrinin baş verə biləcəyi barədə də xəbərdarlıq edib.
Vəziyyətin izlənilməsi və aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin iqamətgahında böhran qərargahı fəaliyyətə başlayıb.