Bu ilin üçüncü rübündə Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda dünya bazarında mazut çatışmazlığının yaranacağı gözlənilir.
Az.shafaqna.com xəbər verir ki, “Reuters”in sorğusuna qatılan analitiklər təchizatdakı problemlərin xüsusilə gəmilər və elektrik stansiyaları üçün istifadə olunan yanacağın qıtlığına gətirib çıxara biləcəyini bildiriblər.
Məlumata əsasən, Rusiya və Fars körfəzi ölkələrindəki neft emalı zavodlarına zərbələr istehsal proseslərinə mənfi təsir göstərib. Bununla yanaşı, dəniz yolu ilə ticarətdə yaranan çətinliklər də mazut tədarükünü məhdudlaşdırır.
Təchizatın azalması artıq fasilələrlə üzləşən gəmiçilik şirkətləri və elektrik enerjisi istehsalçılarının xərclərinin daha da yüksəlməsi riskini artırır.
Ən ciddi təsirin Asiyada hiss olunacağı proqnozlaşdırılır. Çünki region Fars körfəzi ölkələrindən idxaldan daha çox asılıdır və hazırda həmin ölkələrdən yanacaq tədarükündə problemlər yaşanır.
“Kpler”in məlumatına görə, dünyanın ən böyük bunkerləmə mərkəzi olan Sinqapur gündəlik təxminən 1 milyon barel mazut tələbatının yarıdan çoxunu idxal hesabına qarşılayır.
“Energy Aspects” konsaltinq şirkətinin hesablamalarına görə, üçüncü rübdə qlobal mazut çatışmazlığı gündəlik 218 min barelə çata bilər.