Gürcüstan valyuta ehtiyatlarını 600 milyon dollardan çox artırıb

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə,  ölkənin beynəlxalq valyuta ehtiyatlarının artması düzgün fiskal və iqtisadi siyasətin nəticəsidir. Hökumət rəhbərinin sözlərinə görə, Gürcüstan yüksək dərəcəli fiskal konsolidasiya ilə seçilir, bütün parametrlər qorunur və iqtisadi artım tempi yüksək səviyyədə qalır.

Baş nazir qeyd edib ki, yalnız ötən ay ərzində Milli Bank valyuta ehtiyatlarını 600 milyon dollardan çox artıraraq tarixi maksimuma çatdırıb. Nəticədə ölkənin ümumi valyuta ehtiyatları 8 milyard dollar həddini aşıb.

Kobaxidze əlavə edib ki, cari ilin ilk yeddi ayında iqtisadi artım 7,9 faiz təşkil edib. Bu göstərici yalnız geniş regionda deyil, həm də bütün Avropa miqyasında ən yüksək nəticə hesab olunur.

Hökumət rəhbəri səmərəli fəaliyyətə görə Milli Banka və hökumətin iqtisadi komandasına təşəkkürünü bildirərək, valyuta ehtiyatlarının rekord həddə çatmasının məhz bu birgə və doğru işin nəticəsi olduğunu vurğulayıb.

Bu məqaləni paylaş