Az.shafaqna.com “Deutsche Welle“yə istinadən xəbər verir ki, Saksoniya-Anhaltda keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” qələbə qazanıb.
Lakin Saksoniya-Anhaltda keçirilən seçkilər “Almaniya üçün Alternativ” (AfD) partiyasına birinci yeri qazandırsa da, aydınlıq gətirmədi: partiyalar arasındakı parçalanma və aşkar əksəriyyətin olmaması səbəbindən hakim koalisiyanın formalaşdırılması son dərəcə mürəkkəb siyasi tapmacaya çevrilə bilər.
Şərqi Almaniyanın Saksoniya-Anhalt federal torpağında sentyabrın 6-da landtaqa (torpaq parlamentinə) keçirilmiş seçkilərin ilkin rəsmi nəticələrinə əsasən, ultra-sağçı AfD partiyası inamlı qələbə qazanıb. Bütün seçki məntəqələrində bülletenlərin hesablanmasından sonra bazar gününə keçən gecə (7 sentyabr) açıqlanan nəticələrə görə, partiya səslərin 43,8%-ni toplayıb.
Partiyanın torpaq baş nazirliyinə namizədi 35 yaşlı Ulrix Ziqmunddur (Ulrich Siegmund). AfD sədri Tino Xrupalla (Tino Chrupalla) artıq Ziqmundun bu posta namizədliyini irəli sürəcəyini bəyan edib.
Torpağın hazırkı baş naziri Sven Şultsenin (Sven Schulze) mənsub olduğu Xristian-Demokrat İttifaqı (XDİ) 17,2% səs toplayıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə təxminən iki dəfə azdır. Solçular Partiyası 8,6%, “Alyans 90/Yaşıllar” 8,9%, Almaniya Sosial-Demokrat Partiyası (SDPG) isə 9,3% səs toplayıb. Landtaqa, həmçinin 5,3% nəticə ilə Zara Vaqenknext İttifaqı (BSW) da daxil olub. AfD məhz bu siyasi qüvvə ilə koalisiya yarada bilər. Azad Demokrat Partiyası (FDP) və digər partiyalar 5 faizlik baryeri dəf edə bilməyiblər. Seçkilərdə iştirak faizi 77,8% təşkil edib.
XDİ üçün uğursuz seçkilər
47 yaşlı Sven Şultse landtaq seçkilərində Xristian-Demokrat İttifaqı ilə yalnız torpaq səviyyəsində deyil, Maqdeburqdakı öz seçki dairəsində də məğlubiyyətə uğrayıb. O, 31,7% nəticə göstərərək 35,2% səs toplayan AfD namizədi Kristian Mertensə uduzub. Şultse 2025-ci ilin əvvəlində torpaq hökumətinin rəhbəri seçilmişdi, bundan əvvəl isə iqtisadiyyat naziri və Avropa Parlamentinin deputatı vəzifələrində çalışmışdı.
XDİ namizədləri seçkilərdə heç bir birbaşa mandat əldə edə bilməyiblər. Onlar bütün 41 seçki dairəsində məğlub olublar. 38 dairədə “Almaniya üçün Alternativ”in namizədləri, o cümlədən Hentin dairəsində partiya lideri Ulrix Ziqmund qələbə qazanıb. Yalnız iri şəhərlər olan Maqdeburq və Halledə AfD inamlı qələbə əldə edə bilməyib. 2021-ci il torpaq seçkilərində XDİ 41 dairədən 40-da, AfD isə yalnız birində birbaşa mandat qazanmışdı.
BSW AfD ilə “ümumi məxrəclər” görür
Zara Vaqenknext İttifaqının siyahı lideri Tomas Şultse (Thomas Schulze) Saksoniya-Anhalt landtaqına seçkilərdən sonra ultra-sağçı partiya ilə danışıqlara açıq olduğunu bildirib. dpa agentliyinə açıqlamasında “Biz bütün partiyalarla danışıqlar aparacağımızı bəyan etmişdik. AfD də bu partiyalara daxildir”, — deyə Şultse vurğulayıb və BSW-nin “qoruyucu sədd”lə (brandmauer) maraqlanmadığını, bütün partiyalarla danışıqlar aparacağını bildirib.
İki partiya arasındakı ehtimal olunan oxşar cəhətlər haqqında suala cavab verən Şultse deyib: “Bizim artıq bəzi ümumi məxrəclərimiz var, ilk növbədə Rusiya məsələsində. Biz iqtisadiyyatımızı hərfi mənada məhv edən bu sanksiyalara qarşı çıxdığımızı bəyan edirik”. Hər iki partiya, həmçinin “əlçatan energiya” adlandırdıqları konsepti — Rusiyadan neft və qaz tədarükünün bərpa olunmasını müdafiə edir.
Bununla belə, dpa qeyd edir ki, “Almaniya üçün Alternativ”in BSW-nin mövqeyi ilə uzlaşmayan təşəbbüsləri də var. Agentlik Tomas Şultsedən sitat gətirir: “Xüsusilə AfD-nin təhsil siyasəti bizə qətiyyən uyğun gəlmir. Bu məsələdə mövqelərimiz çox, çox uzaqdır. Bundan əlavə, iqtisadiyyata gəldikdə, biz sosial yönümlü mövqeyə daha çox üstünlük veririk”. Zara Vaqenknext İttifaqı, həmçinin AfD-nin dəstəyi ilə növbəli əksəriyyətə söykənərək idarə edəcək “üst-partiya (partiyalarüstü) baş nazir” təklifini də irəli sürüb.
Ziqmund koalisiya xatirinə güzəştlərə getmək istəmir
“Almaniya üçün Alternativ” “bəzi siyasi oyunlar xatirinə” öz dəyərlərindən və məqsədlərindən imtina etmək niyyətində deyil, — Reuters agentliyinin məlumatına görə, Saksoniya-Anhaltda seçkilərin qalibi Ulrix Ziqmund belə deyib. O, ciddi güzəştlər tələb edən koalisiya ehtimallarını istisna edib: “Biz istəyirik ki, seçkilərdən sonra seçicilər nəhayət səs verdikləri nəticəni alsınlar”. Bundan əlavə, AfD-nin torpaq lideri BSW-nin “üst-partiya baş nazir” ideyasını rədd edib.
Ziqmundun sözlərinə görə, əməkdaşlıq yalnız AfD-nin federal torpaq çərçivəsində siyasi kursun aydın şəkildə dəyişdirilməsi tələbini müdafiə edənlərlə mümkündür — “istər fraksiya, istərsə də ayrı-ayrı deputatlar vasitəsilə”. Öz növbəsində partiya sədri Xrupalla ARD telekanalının efirində bildirib ki, AfD digər partiyalarla danışıqlarda güzəştlərə gitməyə hazırdır — o cümlədən miqrasiya və iqtisadi siyasət məsələlərində, bir şərtlə ki, onlar “kursun dəyişdirilməsi” ilə razılaşsınlar.
Torpaq hökumətinin formalaşdırılması mürəkkəb vəzifə olacaq
Saksoniya-Anhalt torpaq parlamentində XDİ, SDPG və FDP üzvlərindən ibarət olan koalisiya seçkilərdə ağır məğlubiyyətə uğradı. Bəyanatlara əsasən, BSW-dən başqa yeni torpaq parlamentinə keçən siyasi qüvvələrin heç biri “Almaniya üçün Alternativ” ilə koalisiyaya girmək niyyətində deyil.
Beləliklə, yeni torpaq hökumətinin formalaşdırılması, ehtimal ki, son dərəcə mürəkkəb tapşırıq olacaq. AfD-nin 39 yeri o deməkdir ki, XDİ, SDPG və “Yaşıllar” deputatlarından ibarət azlıq hökuməti Solçular Partiyasının tam dəstəyi şərti ilə cəmi 40 yer toplaya bilərdi. Bu ssenaridə Zara Vaqenknext İttifaqının deputatları həlledici faktora çevrilə bilərdilər.
Lakin XDİ lideri Sven Şultse seçkilərdən əvvəl dəfələrlə təkrar edib ki, “nə sağçılardan, nə də solçulardan” asılı olmaq istəmir. Bundan əlavə, bu yaxınlaradək torpaqda hakimiyyətdə olan bu siyasi qüvvənin daxilində Solçular Partiyası ilə hər hansı əməkdaşlığa qarşı müqavimət var. Bu səbəbdən Şultsenin namizədliyi torpaq baş naziri postuna yenidən irəli sürüləcəyi təqdirdə, onun öz cərgələrində xainlər ortaya çıxa bilər.
Nitekim XDİ-dən olan torpaq parlamenti deputatı Eva Foysner (Eva Feußner) “Stern” jurnalına şərhində artıq hədələyib ki, solçularla əməkdaşlıq cəhdləri olacağı təqdirdə “bütöv yerli partiya bölmələri yekdilliklə partiyadan çıxacaqlar”.
Oxşar xəbər

