Almaniyada seçkilərdə Türkiyə mənşəli şəxslər də daxil olmaqla miqrantların səsləri getdikcə daha həlledici xarakter alır. Lakin köklü partiyalar bu seçici qrupuna çatmaqda çətinlik çəkirlər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə “Deutsche Welle” agentliyinin türkçə bölməsi yazır.
Nəşr qeyd edir ki, Saksoniya-Anhalt və Meklenburq-Ön Pomeraniya əyalət seçkiləri, eləcə də Berlin Nümayəndələr Palatasına seçkilər ərəfəsində Almaniya hökumətini təşkil edən Xristian Birlik partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD), həmçinin müxalifətdəki Yaşıllar üçün yaxşı xəbərlər yoxdur.
Almaniya Inteqrasiya və Miqrasiya Araşdırmaları Mərkəzinin (DeZIM) tədqiqatına əsasən, miqrant mənşəli seçicilər digər seicilərə nisbətən siyasi partiyalardan daha kəskin şəkildə uzaqlaşırlar. Halbu ki, onların səslərinin əhəmiyyəti getdikcə artır: 2023-cü ildə Almaniyadakı seçicilərin 12%-i miqrasiya keçmişinə sahib idi. Bu, yeddi milyondan çox insan deməkdir və bu rəqəm artmaqda davam edir.
Yenə də Sosial Demokratlar miqrantlar və onların övladları arasında hələ də en yüksək seçici potensialına malikdir. Miqrant mənşəli hər üç seçicidən ikisi SPD-ni səs verilə biləcək partiya kimi görür. Xristian Demokrat Birliyi (CDU) və Xristian Sosial Birliyi (CSU) isə az fərqlə ikinci sıradadır.
DeZIM-in tədqiqatının həmmüəlliflərindən olan Friderike Römer belə deyir: “Miqrant mənşəli yaşlı iştirakçılar SPD-yə daha yaxındır. SPD ilə miqrant seçicilər arasındakı bağ keçmişdə nisbətən güclü idi. Lakin bu bağın gənc nəsillərdə qopmağa başladığı görünür.”
AfD: Atatürk də AfD-yə səs verərdi!
Almaniyanın daxili kəşfiyyat qurumu olan Konstitusiyanı Mühafizə Təşkilatı tərəfindən “qismən sağçı radikal” kimi qiymətləndirilən “Almaniya üçün Alternativ” (AfD) partiyası miqrant mənşəli seçicilər arasında en kəskin rədd edilən partiyadır. Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi AfD-yə qətiyyən səs verməyəcəyini bildirir. Xüsusilə Türkiyə, Yaxın Şərq və Şimali Afrika mənşəli şəxslər partiyanı kateqorik şəkildə rədd edirlər. Buna baxmayaraq, AfD miqrant mənşəli seçici qrupundakı potensialı çoxdan fərq edib.
Almaniya Türk Cəmiyyətinin (TGD) Federal Baş Direktoru Martin Qerlax bildirir: “Uzun müddət insanların ana dilində, effektiv vizuallarla ünsiyyət quran ilk partiya AfD oldu”. O, Berlinin Neukölln təşkilatının 2021-ci il federal seçki kampaniyasını xatırladır: “Şüarları ‘Atatürk də AfD-yə səs verərdi’ şəklində idi. Digər partiyalar bu hədəf qrupları haqqında düşünmək əziyyətinə belə qatlaşmırlar. Bu bir çılğınlıqdır, çünki miqrasiya keçmişi olan seçicilərin böyük hissəsini qazansanız, seçkiləri də qazanarsınız.”

Miqrant mənşəlilərin təhlükəsizliyi kifayət qədər gündəmə gəlmir
Almaniya Türk Cəmiyyəti 2025-ci ilin fevralında keçirilən son federal seçkilərdən əvvəl Türkiyə mənşəli seçiciləri sandıq başına getməyə həvəsləndirmək üçün Almaniyanın 60 şəhərində fəaliyyət göstərib. Qerlaxın müşahidəsinə görə, miqrant icmaları öz-özlüyündə miqrasiya tərəfdarı deyillər.
Əksinə, yeni gələn miqrantlara və ya sığınacaq axtaranlara qarşı ciddi şübhələr mövcuddur və AfD də bu mövzudan istifadə edir. Bu, digər partiyaların miqrasiya keçmişi olan seçiciləri getdikcə itirməsinin səbəblərindən yalnız biridir.
Martin Qerlax ehtimal olunan ksenofobik hücumları xatırladaraq deyir: “Partiyalar təhlükəsizlik mövzusuna toxunmurlar. Halbu ki, bu çox böyük məsələdir. İcmamızdan olan insanlar bir çox yerdə özlərini ciddi şəkildə təhlükə altında hiss edir, Baltik dənizi sahillərinə getmirlər.”
Qerlax müsəlman əleyhinə irqçiliyin bu qrupa xüsusilə ağır təsir etdiyini, lakin partiyaların bunu yetərincə görmədiyini vurğulayır: “Ayrı-seçkiliklə mübarizə siyasəti Almaniyada mütərəqqi, solçu bir anlayış kimi görülür. Halbu ki, Türkiyə mənşəli cəmiyyət baxımından bu, sözün əsl mənasında konstitusiya quruluşunun qorunmasıdır. Məncə, bu yanaşma ilə çox şey qazanmaq olar.”

Fotoşəkil: Roberto Pfeil/picture alliance/dpa
Partiyalar cəmiyyətdəki dəyişikliyi qaçırır?
Politoloq Özgür Özvatan 2030-cu ildə Almaniya əhalisinin yarısından çoxunun miqrasiya keçmişinə sahib olacağını bir daha xatırladır. Politoloq “Hər səs önəmlidir. Demokratların kiçiltdiyi, populistlərin arxasınca düşdüyü siyasi qüvvə: Miqrant mənşəli almanlar” adlı kitabında köklü partiyaların zəif nöqtəsinə diqqət çəkir: “Miqrant mənşəli seçicilərə lazımi şəkildə müraciət etmirlər. Nə onları öz partiyalarına qazanmağa çalışır, ne könüllü olaraq prosesə cəlb edir, ne də seçici kimi kifayət qədər nəzərə alırlar. Təəssüf ki, bu tələbi və cəmiyyətdəki dəyişikliyi görməzdən gəlir, prosesi ləngidirik.”
Özvatan liberal olmayan və avtoritar ölkələrdən demokratik Almaniyaya gələn insanlarda böyük bir demokratiya potensialının olduğunu bildirir: “Onlara mümkün qədər tez bir zamanda səsvermə hüququ verəcək şəkildə vətəndaşlıq təqdim etsək, bu potensialı hərəkətə keçirə bilərik.”
AfD isə Türkiyə mənşəli diasporanın reallığına xitab edən və Türkiyə ilə müsbət əlaqələri Prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələndirən, kommunikasiya baxımından uğurlu bir üsuldan istifadə edir. Özvatana görə, qlobal siyasət araşdırmaları da sağçı avtoritar qüvvələrin beynəlxalq səviyyədə bir-birini gücləndirə bildiyini göstərir.
AfD-nin miqrant mənşəli insanları bir-birinə qarşı qoymağı da son dərəcə yaxşı bacardığını müdafiə edən Özvatan sözlərini belə yekunlaşdırır: “Köhnə miqrantlara ‘Siz yenilərdən fərqlənirsiniz. Siz onlar kimi deyilsiniz. Miqrasiya və deportasiya müzakirələrinin heç biri sizə aid olmayacaq, bunlar digərlərinə aiddir’ deyilərək çox güclü bir səfərbərlik aparılır. Bu taktika da AfD-ni kateqorik olaraq rədd etməyənlər üzərində yaxşı işləyir.”