ABŞ-da qalmaqal: Məlumat sızdıran yüksək rütbəlilərin axtarışı başladı

ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşı ABŞ mediasına məlumat sızdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində poliqraf (yalan detektoru) yoxlamasından keçib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.

Yoxlamadan həm hərbi qulluqçular, həm də mülki əməkdaşlar keçib. Prosedur zamanı onlardan jurnalistlərə məxfi məlumatlar, eləcə də ABŞ-ın döyüş sursatı ehtiyatlarının azalması ilə bağlı məlumat verib-vermədikləri soruşulub.

Yoxlamalar avqust ayında ABŞ arsenalının vəziyyəti ilə bağlı mediada yayılan məlumatlardan sonra keçirilib. Materiallarda, xüsusilə, döyüş sursatı və “Patriot” raket əleyhinə müdafiə sistemlərinin ələkeçirmə raketlərinin ehtiyatları barədə məlumatlar yer alıb.

Pentaqon bu cür məlumatların sızdırılmasına son dərəcə həssaslıqla yanaşıldığını təsdiqləyib. Bununla belə, qurum daxili araşdırmanın konkret təfərrüatlarını açıqlamayıb.

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “The New York Times”a bildirib ki, Müharibə Nazirliyi daxili araşdırmaları və ayrı-ayrı əməkdaşlarla bağlı məsələləri şərh etmir. Bununla yanaşı, o vurğulayıb ki, məxfi məlumatların sızdırılması halları lazımi qaydada araşdırılır.

ABŞ mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp ABŞ-ın döyüş sursatı çatışmazlığı ilə bağlı məlumatların sızdırılmasını ağrılı və qəzəblə qarşılayıb. Tramp hesab edir ki, bu cür məlumatlar Vaşinqtonun zəif olduğu təsəvvürünü yaradır.

Bu məqaləni paylaş