Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi erməni xalqının qanuni hüququdur, lakin bu, Yerevanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması ilə bağlı çətinliklər yaradır.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Rusiyanın mövqeyini yaxşı bilirsiniz. Ermənistanın Aİ-yə üzv olmaq istəyi ölkənin və xalqın təbii, qanuni hüququdur. Ermənistan suveren dövlətdir. Öz inkişaf istiqamətini müəyyən etmək erməni xalqının işidir. Lakin bu, Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı çətinliklər yaradır”, – Putin Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşü zamanı deyib.
O qeyd edib ki, bu məsələni Ermənistanın baş naziri ilə dəfələrlə müzakirə edib.
“Biz sizinlə Ermənistanın Avropa İttifaqına qoşulmaqla bağlı bəyan etdiyi niyyətlə əlaqəli məsələləri artıq dəfələrlə müzakirə etmişik. Biz bu mövzuya həm telefon danışığı zamanı, həm də şəxsi görüşlərimizdə dəfələrlə toxunmuşuq”, – Putin bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİ-yə qoşulması formalaşmış ticarət zəncirlərinin pozulmasına səbəb ola bilər.