İnsan dünyaya gəldiyi ilk andan etibarən yeni bir şey öyrənməyə, yerin dərinliklərində gizlənən sirləri kəşf etməyə, parlayan ulduzlar haqqında məlumat əldə etməyə, dərin uçurumlara enməyə və çox-çox yüksəklərə qalxmağa can atır… Həmin suallardan da biri budur: İnsan niyə quş kimi uça bilmir? Niyə? Bu sual qədim zamanlardan bəri bəşəriyyəti düşündürüb… Lakin sadəcə sual vermək kifayət deyil, ona cavab tapmaq da lazımdır.
Az.shafaqna.com xəbər verir ki, Əbül-Qasim Abbas ibn Firnas ət-Təkurini bu sualı verən ilk insan deyildi, lakin özünü uçan quş kimi hiss etməyi bacaran ilk şəxslərdən biri idi. Əndəlüsdə doğulan və elə orada da təhsil alan İbn Firnas böyük maraq və öyrənmək həvəsinə malik idi. İbn Firnas yalnız ixtiraçı deyil, həm də mühəndis, filosof, kimyaçı, fizik, şair, ilahiyyatçı alim olub və tibb sahəsində də biliyə malik idi.
Böyük ixtiraçı 810-cu ildə müasir İspaniya ərazisində yerləşən Əndəlüsdə, Ronda şəhərində anadan olub və mənşəcə bərbər (Şimali Afrikanın yerli müsəlman xalqlarından biri – red.) olub. Gəncliyində kimya, fizika və astronomiyanı öyrənməklə məşğul olub.
İbn Firnas ilk planetarini ixtira edən şəxs olub. Bu, Günəş sisteminin mexanikləşdirilmiş modeli idi. Həmçinin onun planetarisində göydə buludlar hərəkət edir, ildırım gurlayır və şimşək çaxırdı. Onun hazırladığı astronomik cədvəllər sonralar Avropada geniş şəkildə istifadə olunub.
İbn Firnas buludları, şimşəyi və göy gurultusunu elmi baxımdan araşdıran ilk şəxs olub. Əbül-Qasim Abbas ibn Firnas su saatını ixtira edib. Əl-Maqata-Maqata adlandırılan bu saatlar suyun axını vasitəsilə zamanı ölçürdü.
Şüşə istehsalının inkişafına mühüm töhfə verən İbn Firnas görmə qabiliyyətini yaxşılaşdırmaq üçün böyüdücü şüşə ixtira edib və bununla da eynəyin ilk ixtiraçısı olub.
Öz nailiyyətlərinin sayəsində İbn Firnasa “Həkimül-Əndəlüs”, yəni “Əndəlüsün müdriki” ləqəbi verilib.
Orta əsrlər Avropasında tədqiqatları ilə məşhur olan İbn Firnas uğurlu mühəndis-ixtiraçı olub. O, bəşəriyyətin quş kimi səmada uçmaq arzusunu həyata keçirə bilən ilk şəxs olub.
Tarixi mənbələrin verdiyi məlumata görə, Əbül-Qasim Abbas ibn Firnas 852-ci ildə lələklərdən və taxta dayaqlar üzərinə çəkilmiş parçadan ibarət qurğu ixtira edib. O, həmin qurğu ilə Kordovadakı Böyük məscidin minarəsindən atılaraq uğurla yerə enib.
12 il sonra Abbas ibn Firnas yeni aparat hazırlayıb və 875-ci ildə Kordova yaxınlığında yerləşən Cəbəl əl-Arus təpəsindən atılaraq bu aparatla uçuş həyata keçirib.
Təxminən on dəqiqə havada qalan İbn Firnas öz aparatı ilə xeyli yüksəklik əldə edə bilib. İbn Firnasın müasiri, saray şairi Mümin Səid bu uçuşu belə təsvir edib: “Ağbaş qartalın lələklərindən hazırlanmış qanadları geyinərək əjdahadan daha sürətlə uçdu…”
Bir çox müasir alim İbn Firnası süni qanadlarla idarə olunan uçuş həyata keçirən ilk insan hesab edir. O, sonrakı dövrlərdə yaşamış bir çox ixtiraçı və onların kəşfləri üçün ilham mənbəyinə çevrilib.
Onun nailiyyətlərinin tanınması əlaməti olaraq Ayda diametri 89 kilometr olan kraterə onun adı verilib.
Alim və ixtiraçı İbn Firnas 887-ci ildə, 78 yaşında vəfat edib.