Az.shafaqna.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5 milyard dollar dəyərində artırılmış mənzilli yüksək dəqiqlikli aviasiya sursatlarının (JDAM-ER) və əlaqəli avadanlıqların mümkün satışını təsdiqləyib.
Bu barədə Departamentindən məlumat verilib.
“ABŞ Dövlət Departamenti xarici hərbi satışlar (Foreign Military Sale) proqramı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığına artırılmış mənzilli idarəolunan zərbə sursatlarının (JDAM-ER) və əlaqəli avadanlıqların satışı ilə bağlı mümkün sövdələşmənin təsdiqlənməsi barədə qərar qəbul edib. Müqavilənin təxmini ümumi dəyəri 5 milyard dollar təşkil edir”, – deyə məlumatda bildirilir.
Ər-Riyad 10 mindən çox aviasiya bombası və 10 mindən çox JDAM tuşlama dəsti sifariş edib. Paketə 500 funt (təxminən 227 kq) çəkidə 5004 bomba və daha 2000 funt (təxminən 907 kq) çəkidə 5 min bomba, həmçinin 5004 ədəd KMU-572 və 5 min ədəd KMU-556 tuşlama dəsti daxildir.
Sövdələşmə üzrə əsas podratçı “Boeing” korporasiyası olacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamenti İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 8,6 milyard dollardan çox dəyərində silah satışını təsdiqləyib. Ən böyük, 4 milyard dollarlıq paket Qətər üçün nəzərdə tutulub və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-2 və PAC-3 raketi, ehtiyat hissələri, yardımçı avadanlıqlar və texniki xidmət göstərilməsi üzrə xidmətləri əhatə edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı İrana qarşı başladılmış müharibədə ABŞ-ın müttəfiqi kimi çıxış edir. Xüsusilə, Səudiyyə Ərəbistanının ərazisində ABŞ-ın hərbi bazaları yerləşir.