ABŞ ordusunun hərbi həkimi Tereza Lonq COVID-19-a qarşı peyvəndlə hərbçilərin ölümü arasında mümkün əlaqəni araşdırır.
Az.shafaqna.com “Politico”ya istinadən xəbər verir ki, Lonq bu barədə Virciniyada keçirilən məhkəmə iclasında ifadə verib.
Onun sözlərinə görə, araşdırma ABŞ-nin səhiyyə naziri Robert Kennedi və Pentaqon rəhbəri Pit Heqsetin təşəbbüsü ilə başladılıb. Səhiyyə nazirinin baş hərbi tibb məsləhətçisi olan Lonq peyvəndlərin əlavə təsirlərinin monitorinqi sistemində qeydə alınmış 2 544 hərbçinin ölümünü araşdırır. Lakin bu ölümlərin peyvəndləmə ilə əlaqəsi hələ təsdiqlənməyib.
Lonq bildirib ki, COVID-19 peyvəndlərinin mümkün fəsadları ilə bağlı araşdırmanı qarşıdakı bir il ərzində başa çatdırmağı planlaşdırır. O, həmçinin birbaşa COVID-19 peyvəndi ilə əlaqələndirilən 28 konkret ölüm hadisəsindən xəbərdar olduğunu deyib. Bununla belə, həmin halların təfərrüatlarını açıqlamağa icazəsinin olmadığını vurğulayıb.
Qeyd edək ki, ABŞ hərbçilərinin COVID-19-a qarşı məcburi peyvənd olunması tələbi 2021-ci ildə prezident Co Baydenin administrasiyası tərəfindən tətbiq edilib.